Menopauza (klimaks) aybaşı qanaxmalarının kəsilməsidir və adətən 45–55 yaşlarda baş verir. Estrogen və progesteron hormonlarının azalması müxtəlif fiziki və emosional dəyişikliklərə səbəb ola bilər.
Menopauza nədir?
Menopauza dövründə yumurtalıqlarda yumurta hüceyrələrinin, eləcə də estrogen və progesteron hormonlarının istehsalı dayanır. Klimaks hər qadında baş verir, lakin onun gedişini ağırlaşdıran klimakterik sindrom hər qadında rast gəlinməyə bilər.
Menopauzadan əvvəlki dövrdə aybaşı tsiklinin müddəti uzanıb-qısala, qanaxmalar isə əvvəlkindən qısa ola bilər. Aybaşılar nizamsız olsa da, hamilə qalmaq mümkündür. Bir il ərzində aybaşı olmursa, hamiləlik ehtimalı artıq yoxdur.
Menopauzanın əlamətləri
Estrogen səviyyəsinin azalması bədənin istilik tənzimini pozur. Bu hormonal dəyişikliklər həm fiziki, həm də emosional şikayətlərə səbəb ola bilər. Ən çox rast gəlinənlər bunlardır:
- İsti basmaları – baş və boyun nahiyəsində istilik hissi
- Gecə tərləmələri, həddindən artıq tərləmə
- Yuxu pozğunluqları
- Vaginal quruluq
- Əhval dəyişkənliyi, əsəbilik
- Diqqətin zəifləməsi, unutqanlıq
- Ürəkdöyünmə hissi, təzyiqin yüksəlməsi, baş ağrıları
- Dəri quruluğu, ətraflarda keyimə və ya qıcolma
- Ağır hallarda – boğulma tutmaları, panik ataklar
Sümük sağlamlığı və osteoporoz
Estrogenlər sümük toxumasının sıxlığına və möhkəmliyinə təsir edir. Klimaksın başlanması əksər qadınlarda kalsium mübadiləsinin pozulması ilə müşayiət olunur və sümük əriməsini (osteoporozu) sürətləndirir. Sümüklər kövrəkləşir, sınıq riski artır, zamanla onurğa əyilə və boy qısala bilər. Bu dövrdə ürək xəstəlikləri riski də arta bilər.
Buna görə klimaks dövründə hər bir qadın osteoporoz riskinə görə qiymətləndirilməlidir. Sümük sıxlığını ölçən densitometriya müayinəsi xüsusilə klimaks dövründə olan və hər iki yumurtalığı götürülmüş qadınlar üçün önəmlidir. Sümükləri qorumaq üçün:
- Gündəlik kalsium qəbuluna diqqət yetirin, kalsiumla zəngin qidalar yeyin
- D vitamini səviyyənizi yoxladın
- Mütəmadi idman edin, oturaq həyat tərzindən qaçın
- Duz qəbulunu azaldın
- Siqaret və spirtli içkidən uzaq durun
Çəki və maddələr mübadiləsi
Menopauza hormonal çəki artımına təsir edən amillərdəndir. Qadınlıq və kişilik hormonlarının balansı pozulduqda bədən piyləri bud və çanaq nahiyəsindən qarın boşluğuna – daxili orqanların ətrafına keçir. Estrogen və progesteron insulin həssaslığına təsir etdiyindən, menopauza zamanı qan şəkəri də dəyişə bilər.
Belə hallarda yalnız pəhriz və idmanla nəticə əldə etmək çətin olur: əvvəlcə hormonal fon endokrinoloq tərəfindən qaydaya salınmalıdır.
Şikayətləri necə yüngülləşdirmək olar?
Klimakterik sindrom qeyri-medikamentoz, medikamentoz və hormonal üsullarla müalicə olunur. Menopauza şikayətləri hormon preparatları və bəzi antidepressantlarla müalicə edilə bilər; uyğun hallarda hormon əvəzedici terapiya tətbiq olunur. Müalicə hər zaman fərdi seçilir.
Gündəlik həyatda bunlar kömək edə bilər:
- Nazik, pambıq parçadan paltar geyinmək
- İsti mühitlərdən qaçmaq
- İsti içkiləri və alkoqolu azaltmaq
- Siqareti tərgitmək – siqaret menopauza şikayətlərini artırır
- Fiziki aktivlik – depressiyadan uzaqlaşdırır və sümükləri möhkəmləndirir
Nə vaxt həkimə müraciət etməli?
Aşağıdakı hallarda həkiminizə müraciət edin:
- İki aybaşı arasındakı müddət 3 həftədən azdırsa
- Qanaxma həddindən çoxdursa
- Aybaşılar arasında ləkələnmə olursa
- Menopauzaya baxmayaraq qanaxma olursa
- Gecə tərləmələri davam edirsə – hormonal və tiroid müayinələri aparılmalıdır
Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.