Bloq

Qalxanvari vəz düyünləri: nə vaxt narahat olmalı?

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

«Qalxanvari vəzdə düyün var» cümləsi bir çox pasiyentdə təşviş yaradır. Halbuki düyünlərin böyük əksəriyyəti xoşxassəlidir – əsas məsələ onları düzgün qiymətləndirmək və vaxtında izləməkdir.

Düyün nədir və necə aşkarlanır?

Tiroid düyünü qalxanvari vəz toxumasının daxilində yaranan, ətraf toxumaya bənzəməyən və müxtəlif ölçüdə ola bilən kütlədir. Düyünlər çox vaxt təsadüfən – boyun ultrasəs müayinəsi (USM) zamanı aşkarlanır və əksəriyyəti heç bir şikayət yaratmır.

Statistikaya görə, aşkar olunan düyünlərin 90–95%-i xoşxassəlidir. Lakin hər düyünə ciddi yanaşmaq lazımdır: bəziləri bədxassəli ola, bəziləri isə hormon balansını poza bilər.

Ən çox rast gəlinən yanlış düşüncə belədir: «Qan analizim normaldırsa, deməli düyün yoxdur». Əksinə, bir çox düyün TSH, T3 və T4 səviyyəsini pozmadan inkişaf edir. Ona görə də analizlərlə yanaşı USM müayinəsi də vacibdir.

Hansı əlamətlər diqqət tələb edir?

Aşağıdakı hallarda düyünə «yaxından» baxmaq və daha dərin araşdırma aparmaq lazımdır:

  • düyün sürətlə böyüyürsə;
  • udqunarkən və ya nəfəs alarkən çətinlik yaranıbsa;
  • səsdə boğuqluq və ya dəyişiklik varsa;
  • boyunda sərt və hərəkətsiz kütlə hiss olunursa;
  • boyundakı limfa düyünləri böyüyübsə;
  • ailə üzvlərində qalxanvari vəz xərçəngi olubsa;
  • USM-də şübhəli görüntü aşkarlanıbsa.

USM və TİRADS nə deyir?

Düyünün ölçüsü tək başına təhlükə göstəricisi deyil. Böyük bir düyün tamamilə zərərsiz, çox kiçik bir düyün isə diqqət tələb edən ola bilər. Endokrinoloq üçün ölçüdən daha çox düyünün USM görüntüsündəki xüsusiyyətləri – sərhədləri, daxili quruluşu, qanlanması önəmlidir.

Şübhəli sayılan USM xüsusiyyətləri bunlardır: hipoexogen quruluş, qeyri-hamar kontur, mikrokalsinatlar və düyünün hündürlüyünün enindən böyük olması.

Bu xüsusiyyətləri vahid dildə ifadə etmək üçün USM rəyində çox vaxt TİRADS təsnifatından istifadə olunur. Düyün əlamətlərinə görə ballarla qiymətləndirilir və risk kateqoriyasına aid edilir – kateqoriya nə qədər yüksəkdirsə, şübhə də bir o qədər çoxdur.

Rəydə TİRADS 4 və ya 5 yazılıbsa, bu, düyünün şübhəli göründüyünü və biopsiya ilə yoxlanılmalı olduğunu göstərir.

Biopsiya (İİAB) nə vaxt lazımdır?

Tiroid düyünü aşkarlanması hər zaman biopsiya tələb etmir. Qərarı həkim düyünün ölçüsünü, USM görüntüsünü və şübhəli xüsusiyyətlərini nəzərə alaraq verir. Həkimin tövsiyə etdiyi əsas hallar:

  • ölçüsü 1 sm-dən böyük olan hipoexogen düyünlər;
  • ölçüsü 2 sm-dən böyük olan izoexogen düyünlər;
  • ailədə qalxanvari vəz xərçəngi olduqda və ya qanda kalsitonin yüksək olduqda – düyünün ölçüsündən asılı olmayaraq;
  • ölçüsü 1 sm-dən kiçik olsa belə, iki və daha çox risk əlaməti olduqda: mikrokalsifikasiya, mərkəzi qanlanma, hündürlüyün enindən böyük olması, qeyri-hamar sərhədlər, halonun olmaması, ətrafda böyümüş limfa düyünləri, elastoqrafiyada bərk quruluş.

İİAB necə aparılır və qorxulu deyilmi?

İncə iynə aspirasiya biopsiyası (İİAB) tiroid düyünlərinin qiymətləndirilməsində standart üsuldur və 90%-dən yüksək dəqiqliyə malikdir. Yalnız İİAB-dan sonra düyünün xoşxassəli və ya bədxassəli olduğunu əminliklə demək olar.

Prosedur USM nəzarəti altında, steril şəraitdə aparılır və təcrübəli əllərdə cəmi 2–5 saniyə çəkir. Anesteziya və keyitmə tələb olunmur, pasiyent adətən ağrı hiss etmir.

«Zoba bıçaq vurmaq olmaz» fikrinin heç bir elmi əsası yoxdur: incə iynə ilə müdaxilə heç vaxt düyünü yaymır və xərçəngə səbəb olmur. Həkiminiz biopsiya məsləhət görübsə, bu, «xərçəngsiniz» demək deyil – sadəcə hüceyrə səviyyəsində tam əmin olmaq üçün atılan ən doğru və təhlükəsiz addımdır.

Götürülən nümunə sitoloji müayinəyə göndərilir. Nəticəyə əsasən həkim izləmə, təkrar biopsiya və ya müalicə barədə qərar verir.

Düyünlü zobunuz varsa və sizə əməliyyat məsləhət görülübsə, biopsiya olunmadan buna razılıq verməyin.

Dr. Samir Şükürov

Düyün xoşxassəlidirsə, nə etməli?

Həqiqi düyün – yəni içərisi hüceyrə ilə dolu olan düyün – öz-özünə kiçilmir: ya eyni ölçüdə qalır, ya da böyüyür. Ona görə də kiçik və xoşxassəli düyünlərdə həkimin göstərişi ilə 6–12 aydan bir USM və hormon analizləri təkrarlanır.

Düyün sürətlə böyüyərsə, boğazda narahatlıq, udma və ya nəfəs çətinliyi yaranarsa, növbəti müayinəni gözləmədən həkimə müraciət edin. Tiroiddə düyün aşkarlanıbsa, panikaya düşməyin, amma arxayınlaşmayın da: müntəzəm nəzarət və lazım gəldikdə vaxtında müdaxilə ən doğru yoldur.

Mövzu ilə bağlıQalxanvari vəz

Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.