Bloq

Polikistoz yumurtalıq sindromu (PKOS)

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

Polikistoz yumurtalıq sindromu (PKOS, ingiliscə PCOS) reproduktiv yaşda olan qadınlarda geniş yayılmış hormonal xəstəlikdir. O, təkcə aybaşı və hamiləlik problemi deyil – maddələr mübadiləsinə də birbaşa təsir edir.

PKOS nədir?

Polikistoz yumurtalıq sindromu hipofiz vəzindən ifraz olunan LH və FSH hormonlarının anormal ifrazı ilə əlaqəlidir. Xəstəliyin dəqiq mexanizmi tam bilinmir, lakin yumurtalıqlarda hormonal balansın pozulması, kişi cinsi hormonlarının (androgenlərin) artıq ifrazı və genetik faktorlar burada rol oynayır.

Normalda hər ay yetişib çatlamalı olan follikul PKOS zamanı yarımçıq inkişaf edir və yumurtalıq toxumasının içində 3–10 millimetrlik kiçik kisəciyə çevrilir. Bu kisəciklərin hesabına yumurtalıqların həcmi böyüyür. Yumurta hüceyrəsinin yumurtalıqdan borulara keçməsi pozulur – bu hal anovulyasiya adlanır. Məhz buna görə PKOS qadınlarda sonsuzluğun ən çox rast gəlinən səbəblərindən biridir.

Hansı əlamətlər PKOS-dan xəbər verə bilər?

Xəstəlik bəzən heç bir şikayət vermədən gedir. Əksər hallarda isə androgenlərin artması ilə bağlı aşağıdakı əlamətlər müşahidə olunur:

  • aybaşı tsiklinin qeyri-müntəzəmliyi və ya aybaşının olmaması;
  • tüklənmənin artması (hirsutizm);
  • dərinin yağlanması, sızanaq (akne), seboreya;
  • saç tökülməsi;
  • çəki artımı, xüsusən qarın nahiyəsində piy yığılması;
  • qarnın aşağı hissəsində dartıcı ağrılar;
  • hamilə qalmaqda çətinlik.

Diaqnoz necə qoyulur?

PKOS diaqnozu üçün aşağıdakı üç meyardan ən azı ikisinin olması kifayətdir:

  1. klinik əlamətlər – aybaşı pozuntusu, tüklənmə, akne, çəki artımı və s.;
  2. laborator müayinədə androgen hormonlarının yüksəlməsi;
  3. USM-də yumurtalıqlarda çoxsaylı kiçik kisəciklər.

Oxşar əlamətləri qalxanvari vəzin və ya prolaktinin pozuntuları da verə bildiyindən, diaqnoz qoyulmazdan əvvəl bu səbəblər də yoxlanılır.

İnsulin rezistentliyi ilə nə əlaqəsi var?

PKOS olan qadınların çoxunda insulin rezistentliyi (insulin dirənci) olur. İnsulin qanda olan şəkərin hüceyrələrə daxil olmasını təmin edən əsas hormondur. İnsulin rezistentliyində hüceyrələr ona qarşı həssaslığını itirir və şəkəri normada saxlamaq üçün orqanizm daha çox insulin ifraz etməli olur.

Uzun müddət davam edən insulin yüksəkliyi qarın nahiyəsində piy yığılmasını artırır, androgenlərin sintezini gücləndirir və yumurtalıqların işini daha da pozur. Beləliklə, artıq çəki, insulin rezistentliyi və hormonal disbalans bir-birini qidalandıran qapalı dairə yaradır.

Müalicə olunmasa nə baş verir?

PKOS-da görünən kisəciklərin özü zərərli deyil – onlar üçün cərrahi müdaxiləyə ehtiyac yoxdur və yumurtalıq xərçənginə səbəb olmur. Təhlükəli olan xəstəliyin arxasındakı hormonal və metabolik pozğunluqlardır. Uzun müddət müalicəsiz qaldıqda PKOS aşağıdakı risklərə yol aça bilər:

  • şəkərli diabet və pozulmuş qlükoza tolerantlığı;
  • xolesterin pozuntuları və yüksək qan təzyiqi;
  • ürək-damar xəstəlikləri və metabolik sindrom;
  • qaraciyərin yağlanması;
  • uşaqlıq xərçəngi riskinin artması;
  • depressiya, narahatlıq və yuxu apnesi.

PKOS olan xəstələr mütləq müalicə olunmalıdır, çünki xəstəlik irəlilədikcə hamilə qalmaq böyük problemə çevrilir.

Dr. Samir Şükürov

Endokrinoloq necə kömək edir?

Müalicə hormonal, menstrual və reproduktiv funksiyaların bərpasına yönəlir. İlk addım çəkinin azaldılması və sağlam həyat tərzidir: pəhriz və fiziki aktivlik simptomları yüngülləşdirir. Hətta bədən çəkisinin 5–7%-i qədər arıqlamaq belə aybaşını tənzimləyə və hamiləlik şansını artıra bilər.

Ovulyasiyanın bərpası üçün ilk növbədə insulin rezistentliyini azaltmaq lazımdır. Bəzi qadınlarda bu, həblərlə əldə olunur və dərman müalicəsi təxminən altı ay çəkir. Kifayət etməyən hallarda ginekoloqla birlikdə köməkçi reproduktiv üsullara müraciət edilir.

Endokrinoloq həmçinin qan şəkərini, insulini və xolesterini müntəzəm izləyir ki, diabet və ürək-damar fəsadlarının qarşısı vaxtında alınsın. Uyğun müalicədən sonra əksər hallarda hamiləlik problemi aradan qalxır.

Mövzu ilə bağlıHirsutizm

Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.