Bloq

Hipoqlikemiya: şəkər düşəndə nə etməli?

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

Xalq arasında «şəkərin düşməsi» kimi tanınan hipoqlikemiya qanda kifayət qədər qlükoza olmadıqda baş verir. Vaxtında kömək edilməzsə, ağır nəticələrə səbəb ola bilər – ona görə əlamətləri və ilk yardımı bilmək vacibdir.

Hipoqlikemiya nədir?

Qanda şəkərin miqdarının 50 mq/dl-dən (3 mmol/l-dən) aşağı düşməsi hipoqlikemiya adlanır. Vaxtında yemək yemədikdə istənilən insanda aclıq, baş ağrısı, halsızlıq və başgicəllənmə ola bilər. Lakin şəkərli diabetli insanlarda hipoqlikemiya daha ağır keçir və vaxtında aradan qaldırılmazsa, hipoqlikemik komaya səbəb ola bilər.

Hansı əlamətlərlə özünü göstərir?

  • kəskin aclıq hissi;
  • halsızlıq, yorğunluq;
  • titrəmə, soyuq tər;
  • ürəkdöyünmənin tezləşməsi;
  • səbəbsiz qorxu hissi;
  • dərinin solğunlaşması;
  • görmənin pozulması;
  • dil və dodaqların keyiməsi;
  • ağır hallarda – çaşqınlıq, qıcolma və huşun itməsi.

Şəkər niyə düşür?

Diabetli insanlarda hipoqlikemiyanın əsas səbəbləri bunlardır:

  • insulin və ya şəkərsalıcı dərmanların dozadan artıq qəbulu;
  • dərmanın yanlış vaxtda qəbulu;
  • dərman qəbulundan sonra yeməyin ötürülməsi, nizamsız saatlarda qidalanma;
  • yeməkdə az miqdarda karbohidrat qəbulu;
  • adətən olduğundan daha çox fiziki aktivlik;
  • spirtli içki qəbulu;
  • insulin inyeksiyasının yerinin dəyişdirilməsi;
  • həzm pozğunluğu, mədənin gec boşalması;
  • soyuq mühitdən çox isti mühitə keçid;
  • qadınlarda aybaşının başlaması.

İlk yardım: huşu yerində olan insana

  1. İnsanı rahat vəziyyətdə – oturaq və ya uzanıqlı – yerləşdirin.
  2. Dərhal sürətli şəkər verin: 2 ədəd qənd, azacıq bal, şəkərli su və ya şirin peçenye. Şəkər əvəzediciləri bu zaman kömək etmir.
  3. Vəziyyət yaxşılaşdıqdan sonra sıyıq, bir parça çörək və ya meyvə verin.
  4. Vəziyyət normallaşana qədər dincəlməsinə şərait yaradın.
  5. Qlükometr varsa, bir müddət sonra şəkəri yenidən ölçün; vəziyyət yaxşılaşmırsa, şəkərli qidanı təkrarlayın.
  6. Əlamətlər keçmirsə və ya güclənirsə, təcili yardım çağırın.

İlk yardım: huşunu itirmiş insana

  1. Dərhal təcili yardım çağırın.
  2. İnsanı yan üstə uzandırın – qusma baş verə bilər.
  3. Ağzına yemək və ya içki verməyin.
  4. Qlükaqon varsa, onu əzələ daxilinə vurmaq lazımdır.
  5. Tənəffüsü və nəbzi izləyin, lazım olarsa, ürək masajı və süni tənəffüsə hazır olun.

Hipoqlikemiya zamanı xəstəyə ilk yardım çox vacibdir.

Dr. Samir Şükürov

Necə qarşısını almaq olar?

Diabetli insanlar üçün nizamlı qidalanma xüsusilə vacibdir: ara öyünlər uzun aclığın və hipoqlikemiyanın qarşısını alır, növbəti əsas yeməyə qədər aclıq hissini azaldır və çox yeməyin qarşısını alır. Ara öyün əsas yeməkdən təxminən 2–2,5 saat sonra olmalı və karbohidratla zülalı birləşdirməlidir, məsələn:

  • meyvə və badam;
  • tam taxıllı kraker və süd;
  • pendirli sendviç;
  • çərəz və ayran.

Bununla belə, toxluq qan şəkəri 200 mq/dl-dən yüksək olarsa, ara öyünü, xüsusilə meyvəni təxirə salmaq məsləhətdir. Dərmanlarınızın dozası və qəbul vaxtı barədə həkiminizin tövsiyələrinə dəqiq əməl edin, idmandan və spirtli içkidən əvvəl şəkər düşməsi riskini nəzərə alın.

Bal şəkəri sürətlə qaldırdığı üçün kəskin şəkər düşməsi zamanı kömək edə bilər. Amma gündəlik qidalanmada bal, mürəbbə, bəhməz kimi şirin qidalardan – təbii olsalar belə – uzaq durmaq lazımdır.

Diabetiniz olmasa da tez-tez acırsınızsa, yeməkdən sonra tərləyirsinizsə, yuxunuz gəlirsə və ya yemək gecikəndə əllərinizdə titrəmə olursa, qan şəkərinizi ac qarına və yeməkdən sonra yoxladın və endokrinoloqa müraciət edin.

Mövzu ilə bağlıŞəkərli diabet

Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.